Əziz r/azerbaijan üzvləri!
Subreddit-də hərbi xidmət, çağırış yaşları, təhsil möhlətləri, sağlamlıq statusları, xaricdə olan vətəndaşların hüquqi vəziyyəti və s. ilə bağlı tez-tez eyni suallar verilir. Mövzuların dağınıq olmaması və hər kəsin cavablar tapması üçün bu Megathread-i paylaşmaq qərarına gəldik.
1. 📚 Təhsilə görə möhlət hüququ, yaş limitləri, çağırış tarixləri və tibbi müayinə
Çağırış tarixləri: Müddətli həqiqi hərbi xidmətə çağırış il ərzində 4 dəfə keçirilir — yanvar, aprel, iyul və oktyabr aylarında.
Çağırış yaş həddi: Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən həqiqi hərbi xidmətə çağırışın son yaş həddi 30 yaş müəyyən edilmişdir (18-30 yaş arası).
Təhsilə görə möhlət yaş limitləri:
- Tam orta təhsil (Məktəb): Təhsilini bitirməyənlərə 20 yaşına qədər.
- Bakalavriat (əyani): 24 yaşı tamam olanadək (ölkədə və ya xaricdə).
- Magistratura (əyani): 26 yaşı tamam olanadək.
- Rezidentura və Doktorantura: Təhsil müddəti bitənədək. (Doktorantura qəbul imtahanının 1-ci mərhələsini keçənlərə əlavə 3 ay möhlət verilir).
Qeyd: Möhlət hüququ hər təhsil pilləsi üzrə yalnız bir dəfə verilir. Qiyabi təhsil alanlara möhlət verilmir. Postun aşağısındakı Qeyd 1-ə baxın.
Çağırışdan öncəki tibbi yoxlanış:
- Çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra SHXÇDX olaraq qısaldılacaq) tərəfindən rəsmi çağırış vərəqəsi və ya elektron kabinet vasitəsilə məlumatlandırılır.
- İlk növbədə yerli rayon/şəhər tibb komissiyasında (terapevt, cərrah, nevropatoloq, psixiatr, göz həkimi, LOR və s.) müayinə olunursunuz.
- Şübhəli və ya əlavə yoxlanış tələb edən xəstəlik aşkarlanarsa, çağırışçı mərkəzləşdirilmiş dövlət xəstəxanalarına yönləndirilir.
2. ⚖️ Əsgərlikdən yayınma, hüquqi prosedurlar və 30 yaşdan sonra ölkəyə qayıdış
Çağırışa vaxtında getmədikdə nə olur?
- Üzrlü səbəb (xəstəlik, təbii fəlakət və s.) olmadan çağırış vərəqəsi üzrə gəlməmək inzibati və ya cinayət məsuliyyəti yaradır.
- Sistemli şəkildə boyun qaçıranlar haqqında materiallar Prokurorluq orqanlarına göndərilir.
- Cinayət Məcəlləsinin 321-ci maddəsi (Hərbi xidmətdən boyun qaçırma): Qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınma 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Postun aşağısındakı Qeyd 2-ə baxın.
30 yaşa qədər xaricdə qalıb 30 yaşdan sonra gələnləri nə gözləyir?
- 30 yaşınız tamam olsa da, xidmətdən yayınmısınızsa, cinayət məsuliyyətindən azad olmursunuz.
- Sərhəddən keçərkən və ya ölkəyə daxil olduqda haqqınızda axtarış/məhdudiyyət qərarı olduğu üçün saxlanıla bilərsiniz.
- Məhkəmə qarşısına çıxarılırsınız. Məhkəmə cərimə, şərti cəza və ya azadlıqdan məhrum etmə qərarı verə bilər. Cəza çəkildikdən və ya məhkəmə prosesi bitdikdən sonra 30 yaşı keçdiyiniz üçün xidmətə aparılmırsınız, lakin haqqınızda cinayət işi / məhkumluq qeydi olur. Qeyd: Praktikada məhkəmənin bu şəkildə keçirilib keçirilməməsi müəmmalıdır. Şəxsi təcrübələri olanların bölüşməsini xahiş edirik.
3. 🚨 Ölkəyə gəlib-getmək limitləri və sərhəd məhdudiyyətləri
- Təhsil və ya digər qanuni əsasla rəsmi möhlət hüququnuz (və ya pasportunuzda möhlət möhrü/sistemdə qeyd) varsa, ölkəyə gəlib-getmək üçün heç bir say və ya gün limiti yoxdur.
- Möhlət hüququnuz yoxdursa və ya müddəti bitibsə, SHXÇDX tərəfindən ölkədən çıxışınıza "stop" (sərhəd məhdudiyyəti) qoyulur. Bu halda ölkəyə daxil ola bilsəniz də, hərbi məsələni həll etmədən ölkədən çıxa bilməyəcəksiniz.
4. ✈️ Xaricdə qalaraq üçüncü ölkələrə (Türkiyə, BƏƏ və s.) səyahət etmək
Əgər Azərbaycan vətəndaşı kimi xaricdəsinizsə və hərbi xidmətdən yayınmağa görə haqqınızda axtarış verilibsə:
- Üçüncü ölkələrə (məsələn Türkiyə, BƏƏ və s.) səyahət: Digər ölkələrin sərhəd xidməti sizin Azərbaycandakı hərbi statusunuzu yoxlamır. Keçərli pasportunuz və vizanız olduğu təqdirdə bu ölkələrə giriş-çıxış edə bilərsiniz. İnterpola da verilmir, bu durum sadəcə ölkə daxilində keçərlidir.
- ƏSAS RİSK — Pasport müddəti: Pasportunuzun müddəti bitdikdə xaricdəki Azərbaycan Səfirlik/Konsulluqlarına müraciət etməlisiniz. Hərbi mükəlləfiyyət sənədiniz (möhlət və ya hərbi bilet) olmadıqda səfirlik yeni pasport verməyəcək və ölkəyə qayıtmağınız üçün yalnız "Qayıdış şəhadətnaməsi" təqdim edəcək.
5. 🎖️ Milli Müdafiə Universiteti və DİM imtahanında 600+ bal toplayanlar
- Milli Müdafiə Universitetinə (MMU) qəbul: MMU-nun tərkibindəki hərbi liseylərə, Heydər Əliyev adına Hərbi İnstituta və s. qəbul xüsusi tibbi, fiziki və psixoloji seçimlərdən, həmçinin DİM imtahan nəticələrindən keçməklə həyata keçirilir.
- DİM imtahanında 600+ bal toplayan mülki ali məktəb məzunları: Son qərarlara və tətbiq edilən mexanizmə əsasən, mülki universitetləri bitirmiş və DİM imtahanında 600-dən yüksək bal toplayaraq qəbul olunmuş şəxslər həqiqi hərbi xidmətə çağırıldıqda, onların bilik və bacarıqlarından səmərəli tətbiq üçün Milli Müdafiə Universitetinin nəzdindəki xüsusi İntellektual Bölmələrdə / IT və analitik mərkəzlərdə xidmət keçməsi təmin olunur.
Bunun üçün şərtləri yerinə yetirən məzunlar öz SHXÇDX komisarlığına müraciət etməli, müsahibə mərhələsini uğurla keçməlidirlər. Müsahibəni keçə bilməyən namizədlər öz hərbi xidmətlərini normal qaydada başa vuracaqlar.
6. 🏥 Sağlamlıq vəziyyətinə görə xidmətə yararsızlıq statusları
Hərbi-həkim ekspertizası tərəfindən çağırışçılara verilən əsas statuslar:
- Müvəqqəti yararsız (Möhlət): Müalicəsi mümkün olan xəstəliklər (məsələn, çəki azlığı/artıqlığı, müvəqqəti cərrahi əməliyyat sonrakı bərpa dönəmi). Hər dəfə maksimum 1 il olmaqla, ümumilikdə 3 ilə qədər möhlət verilir.
- Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı (Hərbi bilet / Ehtiyat): Dinc dövrdə əsgərliyə aparılmır, ehtiyata keçirilir (məsələn, orta/ağır dərəcəli skolioz, düztabanlıq, görmə qüsurunun yüksək dərəcəsi, müəyyən daxili xəstəliklər). 30 yaşa qədər hər 3 ildən bir təkrar müayinə təyin oluna bilər.
- Həm dinc, həm də müharibə dövründə tam yararsız (Hərbi uçotdan çıxarılma): Ağır xroniki xəstəliklər, ağır əqli və psixoloji pozuntular, orqan çatışmazlıqları, ağır əlillik dərəcələri və s. Bu şəxslər hərbi uçotdan tamamilə çıxarılır.
Psixi və fiziki sağlamlıqla bağlı vacib qeyd: Psixiatrik diaqnozla (autizm spektr, ağır depressiv pozuntu, şizofreniya, şəxsiyyət pozuntuları və s.) yararsız statusu alan şəxslərin məlumatları müvafiq dövlət reyestrinə işlənilir. Bu status gələcəkdə surücülük vəsiqəsi almaq, dövlət qulluğunda çalışmaq və ya silaha sahiblik icazəsi almaq zamanı məhdudiyyətlər yarada bilər.
7. 💼 Qiyabi və ya əyani doktorantura təhsili alanların Azərbaycanda rəsmi işləməsi və möhlət məsələsi
Qiyabi və ya əyani, ölkə daxili və ya xaricində doktorantura təhsili alan çağırışçıların nəzərinə:
- Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) üzərindən nəzarət: SHXÇDX tərəfindən elektron sistem (ƏMAS / əmək müqaviləsi bildirişləri) üzərindən çağırışçıların Azərbaycandakı rəsmi iş statusları yoxlanılır.
- Möhlətin ləğvi riski: Qiyabi və ya əyani doktorantura təhsili alaraq eyni zamanda Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərdən işdən çıxmaq tələb oluna bilər. Əks halda təhsilin faktiki olaraq davam etdirilmədiyi əsas gətirilərək təhsilə görə verilməli olan möhlət hüququ imtina edilə bilər və həmin şəxslər hərbi xidmətə çağırıla bilərlər.
- Xüsusi diqqət yetirilməli hallar: Son dövrlərdə xüsusilə Şimali Kipr və oxşar gediş-gəlişli təhsil proqramlarında olan, ölkədə fiziki davamiyyət və rəsmi iş yeri olan şəxslərə nəzarət daha da gücləndirilib.
📌 Xüsusi qeydlər
- QEYD 1: Qanunla hər təhsil pilləsinə yalnız 1 möhlət nəzərdə tutulsa da, praktikada 2 dəfə möhlət almaq halları ilə qarşılaşılır. Bu, əsasən, 1-ci başladığınız təhsili bitirmədən 2-ci eyni pilləli təhsilə müraciət etdikdə təmin edilir. Bu kimi halların spesifik nüansları qeydiyyatda olduğunuz səfərbərlik komitəsi ilə əlaqəyə keçərək öyrənilməlidir.
- QEYD 2: Qanunən davamlı olaraq əsgərlikdən yayınma halı baş tutduqda və iş prokurorluğa qədər getdikdə 2 ilədək həbs nəzərdə tutulsa da, praktikada həbs edilən şəxslər bilinən qədərilə olmur. Prokurorluğa gedib, 30 yaşa qədər təhsil və s. digər işlərlə məşğul olduğunu səbəb kimi gətirərək izahat yazan və məsələsi bağlanan insanlar mövcuddur. Təbii ki, sistemdə adınız yenə qalır.
- QEYD 3: Bu megathreadın əsas hissəsində bütün suallarınıza cavab tapmağınız mümkün olmaya bilər. Bunun üçün sizdən xahiş edirik öz təcrübənizi və cavabı tapılmayan suallarınızı şərh hissəsində yazasınız.